AzQAC və BQXK arasında mövcud olan psixososial dəstək
(PSD) üzrə əməliyyat tərəfdaşlığının başa çatmasına dair bu tərəfdaşlığın nəticələrini
bölüşmək, həmçinin AzQAC-ın, xüsusilə də, PSD fəaliyyətlərinin həyata keçirilməsinə cəlb
edilmiş könüllülər və bölmə sədrlərinin
öhdəliyini mükafatlandırmaq məqsədilə 11 dekabr tarixində tədbir təşkil
olunub.
Tədbir AzQAC vitse-prezidenti Qafar Əsgərzadə və
BQXK əməkdaşlıq koordinatoru Agueda Aguilar Garcianın açılış nitqləri ilə başlayıb.
Daha sonra, BQXK PSPSD üzrə nümayəndəsi Raquel Lorente Martinez, PSPSD əməkdaşı
Vaqif İsmayılov və AzQAC PSPSD üzrə əlaqələndirici şəxsi Nigar Qədəşova tərəfdaşlığın
nəticələrini təsvir edən təqdimatlarla çıxış ediblər.
Təqdimatlar zamanı diqqət daha çox PSPSD sahəsində
AzQAC və BQXK arasındakı tərəfdaşlığın nəticəsi olan “Mənim Haqqımda Kitab” fəaliyyətinə
yönəlib.
“Mənim Haqqımda Kitab” silahlı münaqişə, zorakılıq
və ya məcburi miqrasiya səbəbindən psixi sağlamlıq problemlərindən əziyyət çəkən,
yaxud bu kimi problemlərlə üzləşmək riski altında olan uşaqların ehtiyaclarının
qarşılanması məqsədilə İsveç Qızıl Xaçı tərəfindən 2010-cu ildə hazırlanmış “Köçəri
Quşlar” proqramının hissəsidir. Vəsait BQXK-ın silahlı münaqişə və digər
zorakılıq halları zamanı və bu hadisələrdən sonra göstərilən PSPSD fəaliyyətlərinə
uyğun olması üçün təşkilat tərəfindən adaptasiya edilib. Daha sonra Azərbaycan
dilinə tərcümə olunub.
2022-ci ildən başlayaraq BQXK dəstəyi ilə AzQAC
Ağdam, Bərdə, Füzuli, Tərtər və Tovuz bölmələri “Mənim Haqqımda Kitab” vəsaitindən
istifadə edərək silahlı münaqişədən təsirlənən ərazilərdə yerləşən məktəblərdə
uşaqlar üçün psixososial dəstək fəaliyyəti həyata keçirib.
Tədbir zamanı psixososial dəstək fəaliyyətində
aktiv iştirak edən bölmə sədrləri və könüllüləri mükafatlandırılıblar. Bundan əlavə,
könüllülər AzQAC prezidenti Novruzəli Aslanov və BQXK Azərbaycan nümayəndəliyinin
rəhbəri Dragana Kojic tərəfindən imzalanan sertifikatlarla təltif olunmuşlar.
Tədbirin sonunda BQXK sağlamlıq şöbəsinin
koordinatoru Apollo Kinyokie Barasa və
AzQAC icraçı katibin müavini, gənclər və könüllülər şöbəsinin rəhbəri Xalidə İskəndərova
bağlanış nitqləri söyləyiblər.
Tədbirdə həmçinin AzQAC icraçı katibinin müavini
Şaban Şayev, BQXK təhsilə giriş proqramının nümayəndəsi Gülnarə Həsənova və hər
iki təşkilatın digər həmkarları da iştirak etmişlər.